REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxəsrlik tariximizin ən parlaq səhifələrindəndir
Qax, 22 may, Mustafa Dadaşov, AZƏRTAC
Yüz iki il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyaları reallaşıb. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə mayın 22-də Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə keçirilən onlayn videokonfransda səsləndirilib.
Videokonfransı muzeyin direktoru Mahir Əfəndi açaraq Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu vurğulayıb.
Konfransda muzeyin elmi işçisi Leyla Səfərovanın “Qax Azərbaycan Xalq Cümhuriyyəti illərində” mövzusunda məruzəsi dinlənilib.
Videokonfransda Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ülkər Mahmudova, Regional İdarənin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova, Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova, Uşaq İncəsənət Məktəbinin direktoru Xatirə İmamova və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biri olduğunu bildiriblər. Vurğulanıb ki, cəmi 23 ay yaşamış bu Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Ümummilli lider Heydər Əliyevin böyük zəhməti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb.