ELM VƏ TƏHSİL
Azərbaycan alimi Harvard Universitetində tədqiqat aparacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzində 10 ay müddətində tədqiqat aparmağa dəvət edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədqiqatçı “Qlobal bazarda karbohidrogen ehtiyatları (neft və qaz) və onların perspektivləri” mövzusunu araşdıracaq.
Artıq Harvard Universitetinin Davis Rusiya və Avrasiya Araşdırma Mərkəzinin rəsmi internet səhifəsində UNEC-in alimi N.Hacıyev haqqında məlumat yerləşdirilib.
N.Hacıyev Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihə müəllifidir. Onun tədqiqatlarını DAAD, USAID, UNDP, EWMI və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu” (SOCAR) dəstəkləyir. UNEC-in alimi Yunanıstanda “Neft və qaz resurslarının iqtisadiyyatı” mövzusunda mühazirələr oxuyur.