ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqalələri SCOPUS-a daxil olan məcmuədə dərc edilib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan alimlərinin qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin elmi nailiyyətlərini dünyada təbliğ etmək, iqtisadi-mədəni inkişafının elmi əsaslarını beynəlxalq aləmdə yaymaqdır. Bunun ən yaxşı yolu alimlərimizin beynəlxalq elmi cəmiyyətlərlə intensiv əlaqələrinin yaradılması, ölkədə aparılan elmi tədqiqatların və araşdırmaların nəticələrinin nüfuzlu beynəlxalq jurnallarda nəşrinə nail olmaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin bir qrup əməkdaşının Gürcüstanın Yakob Qoqebaşvili adına Telavi Dövlət Universitetinin SCOPUS-a daxil olan “Elmi əsərlər məcmuəsi”ndə məqalələrinin nəşrini bu uğurlar sırasına əlavə etmək olar.
Qeyd edək ki, həmin məcmuənin son nömrəsində filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun “Nizaminin “İskəndərnamə” poemasında “kərənay” və “türk nayı”, tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədovanın “XVIII əsrin ikinci yarısında İranda iqtisadi sahədə aparılan islahatlar haqqında - Məhəmməd Kazımın “Aləmarayi-Nadiri” əsərinin materialları əsasında” və filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami Gəncəvinin poemalarında dini-fəlsəfi baxışlar” məqalələri yer alıb.