ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevin və institutun böyük elmi işçisi Əfruz Qurbanovanın məqaləsi dünyanın nüfuzlu “İnformatsionnıye texnoloqii” (İnformasıya texnologiyaları) jurnalında çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin riyazi modelləşdirilməsi” adlı məqalədə terminləşmə və de-terminləşmə prosesləri təhlil olunub, bu proseslər arasında sıx qarşılıqlı əlaqənin mövcudluğu müəyyənləşdirilib. Terminlərin say dinamikasının riyazi modelləşdirilməsi təsvir olunub.
Tədqiqat çərçivəsində milli terminoloji informasiya sistemində baş verən proseslər riyazi qanunauyğunluqlar əsasında formalaşdırılıb və sistemin ümumi analizi üçün bu proseslərin təzahür formaları üzə çıxarılıb.
Qeyd edək ki, nəzəri və tətbiqi elmi-texniki “İnformatsionnıye texnoloqii” jurnalı “Web of Science” elmi bazasına daxildir. Jurnalda kompüter qrafikası, proqramlaşdırma metodları, informasiya təhlükəsizliyi, hesablama sistemləri və digər mövzularda məqalələr təqdim olunur. Həmçinin mühəndislik, iqtisadiyyat, tibb və təhsil sahələrində müasir informasiya texnologiyalarının tətbiqi və inkişafı istiqamətində aparılan tədqiqatların nəticələri öz əksini tapır.