Azərbaycan azad edilmiş ərazilərin yenidən qurulmasında beynəlxalq əməkdaşlığa açıqdır - Sultan Hacıyev
AzerTAg.az

Ağdam, 16 mart, T.Ağaməmmədov, AZƏRTAC
BMT, Dünya Bankı və Avropa Şurası azad edilmiş ərazilərin bərpa və yenidən qurulması prosesində Azərbaycanın ilkin mərhələdə əldə etdiyi nəticələri yüksək qiymətləndirir. Azərbaycan bu işlərdə əsasən daxili imkanlarından istifadə etməkdədir, eyni zamanda, beynəlxalq əməkdaşlığa da açıqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının əməkdaşı Sultan Hacıyev deyib.
Məsləhətləşmələrdə minatəmizləmə işlərinin də müzakirə edildiyini və bu problemin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu söyləyən S.Hacıyev bildirib ki, tədbir iştirakçıları Ağdama gələrkən yolboyu azad olunmuş ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsinin, o cümlədən minatəmizləmə işlərinin şahidi oldular: “Bu gün Ağdamda faciə baş verib, 2 vətəndaşımız minaya düşərək həlak olub. Bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı”.
Sultan Hacıyev, həmçinin qeyd edib ki, BMT nümayəndələri ilə məsləhətləşmələr davamlı həyata keçirilir. “Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xarakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha səmərəli olmasına şərait yaradacaq”, - deyə o əlavə edib.
Xəbərin mətnində orfoqrafik səhv var