İDMAN
Azərbaycan boksçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Azərbaycan boksçusu Lorenzo Sotomayor Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında ilk görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi Avstriya təmsilçisi Yason Mallya olub. L.Sotomayor gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək onaltıdabir finala yüksəlib. O, növbəti mərhələdə əlcəzairli Şəmsəddin Kramounu sınağa çəkəcək. Görüş sentyabrın 16-da baş tutacaq.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 9-dan 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.
Xatırladaq ki, sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1, sentyabrın 11-də isə Tayfur Əliyev isveçrəli Tiaqo Puqnonu 5:0 hesabı ilə məğlub ediblər. Ötən gün isə Bəxtiyar Qazıbəyov Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatı tərk edib.