İDMAN
Azərbaycan cüdoçuları Çin Qran-prisinin ilk günündə iki qızıl medal qazanıblar VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan cüdoçuları noyabrın 20-də Çinin Çindao şəhərində start götürən Qran-pri turnirinə 2 qızıl medalla başlayıblar.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə üç təmsilçimiz mübarizəyə qoşulub.
Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev bolqarıstanlı Yanislav Gerçev, Rusiya cüdoçusu Dmitri Kulikov, dörddəbir finalda həmyerlimiz Orxan Səfərov, yarımfinalda qazaxıstanlı Aybek İmaşevdən güclü olmaqla finala yüksəlib. Həlledici qarşılaşmada cüdoçumuz hollandiyalı Yeroen Mureni məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O.Səfərov isə yarışı 7-ci pillədə başa vurub.
Nicat Şıxəlizadə (66 kq) isə ardıcıl olaraq monqolustanlı Batgerel Battsetseq, Almaniya təmsilçisi Rene Şneyder və yaponiyalı Kenqo Takayçini üstələdikdən sonra finala çıxıb. Qızıl medal uğrunda qarşılaşmada isə təcrübəli cüdoçumuz daha bir Monqolustan təmsilçisi Tumurxuleq Davadorjuya qalib gələrək Qran-prinin qalibi olub.
Qeyd edək ki, noyabrın 21-də daha səkkiz idmançımız - Rüstəm Orucov (73 kq), Abdulhaqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.