İQTİSADİYYAT
Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Belarusun Rusiyadakı səfirliyinin binasında bu ölkənin tranzit potensialına həsr olunmuş dəyirmi masa keçirilib.
“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, “Rusiya xarici ticarət yüklərinin nəql edilməsində Belarusun tranzit potensialı” adlı tədbirdə bu ölkənin dəmir yolunun imkanları, təklif etdikləri logistik məhsulları, yük terminalları və müvafiq dəmir yolu infrastrukturu diqqət mərkəzində olub.
Belarusun dəmir yolunun rəisi Vladimir Morozovun sədrliyi ilə keçirilən tədbirə Rusiyanın dəmir yollarının rəhbər heyəti və aparıcı logistik və ekspedisiya şirkətlərinin nümayəndələri qatılıblar. Dəyirmi masanın işində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəis müavini İqbal Hüseynov, QSC-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Container” MMC-lərin rəhbərləri iştirak ediblər. Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıb və yüklərin bu ölkə vasitəsilə Şimali Avropa dövlətlərinə daşınması yollarını araşdırıblar. Müzakirələri izləyən Azərbaycan dəmir yolunun nümayəndələri, ikitərəfli formatda bir sıra görüşlər keçirərək münasibətlərin inkişafına dair danışıqlar aparıblar.
Xatırladaq ki, Belarus və Azərbaycan, eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçıları olmaqla, bu dəhliz vasitəsilə yüklərin nəqlində birgə mexanizmin işlənilməsində sıx əməkdaşlıq edirlər. Bu yaxınlarda isə beynəlxalq dəhliz çərçivəsində ilk dəfə olaraq İrandan Belarusa polietilen yükünün nəqlinə başlanılıb.