İQTİSADİYYAT
Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti növbəti dəfə uzadılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Dünyada koronavirus (COVID-19) pandemiyasının hələ də davam etdiyini nəzərə alaraq azərbaycanlı dənizçilərin öz vəzifələrini maneəsiz həyata keçirməsini təmin etmək üçün növbəti mühüm qərar qəbul edilib.
Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb. Dövlət Dəniz Agentliyi dənizçilərimizin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini dekabrın 31-dək uzadıb.
Verilən qərara əsasən, agentlik tərəfindən bu istiqamətdə bir sıra işlər görülüb. Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq onların etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini bir sıra tələblərə riayət olunmaqla dekabrın 31-dək uzadır. Tələblərə əsasən gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir. Həmin sənədlərə gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub, mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş, əmək müqaviləsinin surəti aiddir.
Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin şəxsiyyət sənədi”nin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 2020-ci il iyulun 1-də, 2020-ci il oktyabrın 1-də, 2020-ci il dekabrın 31-də, 2021-ci il martın 31-də, 2021-ci il iyunun 30-da, daha sonra isə 2021-ci il sentyabrın 30-dək uzadılmışdı.