ELM VƏ TƏHSİL
Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin nəzərinə
Bakı, 24 may, AZƏRTAC
Ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 31-i saat 23:59-dək link vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Abituriyent qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.
“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 12-də keçiriləcək.
Xatırladaq ki, mayın 8-də Azərbaycan dili imtahanında iştirak etmiş, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmamış 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.