SİYASƏT
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və Respublika Günü münasibətilə Seulda rəsmi qəbul keçirilib
Bakı, 24 may, AZƏRTAC
Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi və 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, o cümlədən Xarici İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini, Koreya Xarici İşlər nazirinin müavini – Dövlət Protokol İdarəsinin rəisi, Koreya Milli Assambleyasının deputatları, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı şirkətlərin, elmi-ictimai təşkilatların, ali təhsil ocaqlarının və beyin mərkəzlərinin təmsilçiləri, azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.
Azərbaycan və Koreya Respublikası himnlərinin səslənməsi ilə başlayan tədbirdə səfir Rəmzi Teymurov 2018-ci və 2019-cu illərin Azərbaycan xalqı, o cümlədən diplomatik xidmət orqanlarının əməkdaşları üçün əlamətdar olduğunu, cari ildə diplomatik xidmət orqanlarının yaranmasının 100-cü ildönümünün qeyd edildiyini diqqətə çatdırıb.
Cümhuriyyət qurucularının 100 il əvvəlki uğurlarından bəhs edən səfir müsəlman dünyasında ilk dünyəvi, demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolu barədə danışıb. Bildirib ki, Cümhuriyyətin beynəlxalq miqyasda tanınmasına nail olmaq üçün nümayəndə heyəti Parisə ezamiyyətə gedib. Paris Sülh Konfransının Ali Şurası tərəfindən rəsmi olaraq tanındıqdan sonra Cümhuriyyət xarici ölkələrlə diplomatik əlaqələrini genişləndirməyə nail olub, 16 ölkənin Bakıda səfirlikləri fəaliyyətə başlayıb və əsasən qonşu ölkələrdə olmaqla Azərbaycanın bir sıra xarici ölkələrdə diplomatik nümayəndəlikləri açılıb.
R.Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq mövcudluğu dövründə bir çox siyasi-iqtisadi islahatlar həyata keçirdiyini, demokratik təsisatlar yaratdığını, bir çox Qərb ölkələrindən də əvvəl qadınlara seçib-seçilmək hüququnu verdiyini bildirib. Diplomat 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, etnik təmizləmə və soyqırımına məruz qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkə çətin vəziyyətdən xilas olaraq, inkişaf mərhələsinə qədəm qoyub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın özünü sabit, sürətlə tərəqqi edən və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim etdiyi qeyd olunub. Azərbaycan Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1, 2019-cu il UEFA Avropa Liqasının final matçı kimi bir sıra mühüm beynəlxalq humanitar və idman tədbirlərinin keçirildiyi məkana çevrilib.
Səfir bildirib ki, 28 illik müstəqillik dövründə Azərbaycan xarici ölkələrlə qarşılıqlı faydalı dostluq münasibətləri qurub, bir sıra mötəbər beynəlxalq təşkilatlara üzv qəbul edilib. Bu illər ərzində diplomatiyamızın uğurlarından bəhs edən səfir 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını müstəqil ölkəmizin xarici siyasətinin ən önəmli nailiyyətlərindən biri kimi qeyd edib. Vurğulayıb ki, cari il Qoşulmama Hərəkatının 18-ci Sammiti də Azərbaycanda keçiriləcək.
Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrdən söz açan R.Teymurov ötən müddətdə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu deyib. O, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir, Azərbaycan hökumətinin Koreyanı iqtisadi və ticari əməkdaşlıq üzrə prioritet ölkələr sırasında görür, digər sahələrdə də əlaqələrimiz sürətlə inkişaf edir.
Koreya Respublikasının Xarici İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini Yun Kanq–Hyon hökuməti adından Azərbaycan diplomatik xidmət orqanlarının 100-cü ildönümü və Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, 2019-cu ilin Koreya üçün də əlamətdar il olduğunu, 1919-cu il 1 mart tarixində Müstəqillik Bəyannaməsinin elan olunmasının 100-cü ildönümünün qeyd edildiyini bildirib. Nazir müavini Koreya və Azərbaycanın oxşar tarixə malik olduqlarını, hər iki xalqın tarixdə çətinliklərə məruz qaldıqlarını, buna baxmayaraq, öz milli və mədəni mənsubiyyətini qoruyub saxladıqlarını, milli inkişafını uğurla həyata keçirməyə nail olduqlarını vurğulayıb. Bildirib ki, hər iki xalqın dili Altay dil qrupu ailəsinə aiddir və mədəniyyətimizdə böyüklərə hörmət və möhkəm ailə bağları önəmli yer tutur.
Y.Kanq-Hyon ölkələrimiz arasında əlaqələrin 2006-2007-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra xüsusilə yüksələn xətlə inkişaf etdiyini, bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini bildirib. Nazir müavini Koreya hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafı naminə səylərini davam etdirəcəyini vurğulayıb.
Tədbirin keçirildiyi salonda Azərbaycan Dövlət Turizm Agentliyinin yeni turizm brendi olan "Take another look" loqosu əsasında hazırlanmış fotostend və banerlər yerləşdirilib, "İrs" ("Heritage") jurnalının Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş sayı qonaqlara paylanılıb.