REGİONLAR
Azərbaycan dövləti gənclərin fiziki sağlamlığı ilə yanaşı, mənəvi sağlamlığını da daim diqqətdə saxlayır
Gəncə, 1 iyul, Elcan Məmmədov, AZƏRTAC
Ümumbəşəri problemə çevrilən narkomaniya ilə mübarizə ölkəmizin hər bir guşəsində olduğu kimi, Gəncə Dövlət Universitetində (GDU) də diqqət mərkəzində saxlanılır. Bu problemlə bağlı universitetin fakültələrində silsilə tədbirlər keçirilir.
Belə tədbirlərdən biri iyunun 30-da Gəncə Dövlət Universitetində təşkil olunub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.
Çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Narkomaniya gənclər üçün böyük təhlükədir” adlı məruzəsində diqqətə çatdırıb ki, dövlətimiz Azərbaycan gənclərinin fiziki sağlamlığı ilə yanaşı, mənəvi sağlamlığını da daim diqqətdə saxlayır. O, 1996-cı il 26 avqust tarixində ulu öndər Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanla yaradılan dövlət komissiyasının fəaliyyətindən və Prezident İlham Əliyevin 2013-2018-ci illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamından ətraflı bəhs edərək, tələbə gəncləri ayıq olmağa, bu dəhşətli problemlə mübarizə üçün bütün qüvvələri səfərbər etməyə çağırıb.
Tədbirdə Narkomaniyaya qarşı mübarizə üzrə regional şöbənin rəisi Elvin Abbasov “Narkomaniya və onunla mübarizə yolları” adlı məruzəsində 2019-2024-cü illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn məsələlər haqqında geniş məlumat verib və qeyd edib ki, narkotik dövriyyəsinə, narkomanlığa qarşı mübarizədə səylər birləşdirilməli, kompleks mübarizə aparılmalıdır.
Sonra “Anatomiya, fiziologiya, zoologiya kafedrası”nın dosenti Elvira Ağayevanın “Narkomaniya: asılılığın ən ağır növü”, Gəncə şəhər 6 saylı poliklinikanın həkimi Tükəzban Məmmədovanın “Narkomaniya: çətin və erkən ölüm”, “Sosial fənlər” kafedrasının müəllimi Yeganə Əhmədovanın “Narkomaniya sosial bəladır”, Universitet TEC-in sədri Lalə Ələkbərovanın “Sağlam gənclik, sağlam gələcəkdir” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə Fizika-Riyaziyyat-Kimya təmayüllü liseyin 8-ci sinif şagirdi Arif Alinin çıxışı da maraqla qarşılanıb.
Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.