REGİONLAR
Azərbaycan ədəbiyyatının Mir Cəlal zirvəsi
Gəncədə Mir Cəlal Paşayevin xatirəsi anılıb
Gəncə, 26 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə yazıçı, ədəbiyyatşünas-alim, Azərbaycanın Əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 111 iliyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ədibin ev-muzeyində baş tutan tədbirdə Mir Cəlal Paşayevin ömür yoluna və yaradıcılığına nəzər salınıb. Bildirilib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biridir. O, ədəbi aləmdə zəngin irs qoyub. Mir Cəlal Paşayevin əziz xatirəsi Gəncədə də daim ehtiramla anılır. Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyi, adını daşıyan məktəb fəaliyyət göstərir. Şəhərin abad küçələrindən birinə ədibin adı verilib.
Tədbirdə çıxış edən Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev yazıçının yaradıcılığını xronoloji ardıcıllıqla təhlil edib.
Bildirilib ki, Mir Cəlal Paşayevin böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.
Qeyd edilib ki, Mir Cəlal Paşayev ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edib. O, xalqımızın vətənpərvərliyini, gənclərin arzu və istəklərini, həyatdakı mənfiliklərə qarşı mübarizəsini əks etdirən dəyərli romanlar, hekayələr yazıb.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestri konsert proqramı ilə çıxış edib.