ELM VƏ TƏHSİL
Azərbaycan ədəbiyyatşünaslığında Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu var
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidovun 100 illik yubileyi ilə bağlı “dəyirmi masa” təşkil olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov ədəbiyyatşünas alim M.Seyidovun ədəbi əlaqələr yaradıcılığı, türkdilli qəbilələr - qaşqaylar, saqlar, buntürklər barədə məqalələri və mifologiyaya dair fikirləri barədə danışıb. O deyib: “Azərbaycan ədəbiyyatşünaslığında Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu var. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoyub, inkişaf etdirib və bu elmlə məşğul olan tədqiqatçıların məqalələrinin ərsəyə gəlməsində yaxından iştirak edib”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy bildirib ki, M.Seyidov ilk dəfə xalqımızın etnogenezini tanıtdırıb. Bu gün azərbaycançılıq və multikulturalizm strategiyası inkişaf edir. Lakin bunun ilkin rüşeymini Mirəli Seyidov və onun cərgəsində dayanan ziyalılar ərsəyə gətirib. Azərbaycan xalqının inkişaf istiqamətləri Mirəli Seyidovun elmi istiqamətləri üzərində bərqərar olub”.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Qalib Sayılov alimin ədəbi fəaliyyətindən bəhs edib və milli-ictimai təfəkkürün formalaşmasında, azərbaycançılıq dünyagörüşünün təbliğində M.Seyidovun xidmətlərini yüksək qiymətləndirib. O, azərbaycanşünaslığın ədəbi-nəzəri problemləri, ümumtürk mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhlili işində alimin elmi araşdırmalarının mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sonda M.Seyidovun oğlu Elçin Seyidov tədbirin təşkilinə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. O, atasının Azərbaycan mifik təfəkkürünün qaynaqları, etnogenez məsələləri ilə ciddi məşğul olduğunu deyib. M.Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafik araşdırmasının görkəmli mifoloq alim A.Acalov tərəfindən yüksək dəyərləndirildiyini söyləyən E.Seyidov bu əsərin türkologiya sahəsində vacib hadisə kimi qiymətləndirildiyini bildirib.