REGİONLAR
Azərbaycan gəncləri həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
Tərtər, 16 oktyabr, AZƏRTAC
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan gəncləri həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində gənc mədəniyyət işçiləri ilə keçirilən görüşdə səsləndirilib. Gənc mədəniyyət işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
Regional idarənin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxışında bildirib ki, Azərbaycanda gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Məhz bunun nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar.
Regional idarənin rəis müavini Validə Nabatova ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərdiyini bildirib, gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutduğunu vurğulayıb.
Sonra çıxış edən regional idarənin məsləhətçisi Əhliyyət Əliyev 2015-ci ildə yaradılmış Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupunun fəaliyyətindən, regional idarənin bu sahədə həyata keçirdiyi tədbirlərdən və gələcəkdə nəzərdə tutulan layihələrdən danışıb.
Tədbir müzakirələrlə davam edib.