CƏMİYYƏT
“Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsinin təqdimatı olub
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil, Gənclər və İdman, Müdafiə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və QHT nümayəndələri iştirak ediblər.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov layihə barədə məlumat verib. Belə layihələrin AVCİYA tərəfindən mütəmadi keçirildiyini diqqətə çatdıran E.Salmanov gənclərin bu sahədə maarifləndirilməsinə xüsusi önəm verildiyini bildirib.
Layihənin rəhbəri İradə Yaqubova qeyd edib ki, layihənin məqsədi mövcud informasiya məkanında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu artırmaqdan ibarətdir. AVCİYA bu məqsədlə gənclərin iştirakı ilə debatlar təşkil edəcək. Bu tədris semestrində Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Turizm və Menecment Universitetində debatlar keçiriləcək.
Digər çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.