İDMAN
Azərbaycan güləşçiləri İstanbulda keçirilmiş Beynəlxalq turnirdə beş medal qazanmışlar VİDEO
Bakı, 3 fevral (AZƏRTAC). Fevralın 2-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş güləş üzrə 32-ci Beynəlxalq turnirə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, Ahmet “Cömert Spor” Salonunda keçirilən turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan yunan-Roma güləşi üzrə idmançılar mübarizə aparmışlar.
Turnirin ilk günündə yığma komandamız 1 qızıl və 2 bürünc medala sahib olmuşdur. Rəsul Çunayev (71 kq) qızıl, Rüstəm Əliyev (71 kq) və Saman Təhmasibi (98 kq) bürünc medal qazanmışlar.
Turnirin ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulmuşlar. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurmuşlar.
Yarışda 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Şəhriyar Məmmədov finala qədər maneəsiz irəliləmişdir. Ardıcıl olaraq türkiyəli və özbəkistanlı rəqiblərini məğlub edən güləşçimiz finalda Belarus təmsilçisi ilə qarşılaşmışdır. Görüşdə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənmişdir.
Milli komandamızın üzvü Elvin Mürsəliyev (75 kq) ilk görüşünü qələbə ilə başa vursa da, ikinci görüşdə məğlub olmuşdur. Rəqibinin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı qazanan güləşçimiz bu imkanı yaxşı dəyərləndirmişdir. Bürünc medal uğrunda görüşdə Elvin Mürsəliyev İran güləşçisi qarşılaşmışdır. Minimal hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib olmuşdur.
Ümumilikdə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz 39 xal toplayaraq komanda hesabında üçüncü yeri tutmuşlar.
Türkiyə millisi birinci, Belarus yığması isə ikinci sırada qərarlaşmışlar.