İDMAN
Azərbaycan güləşçisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 20 oktyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Çempionatda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz İbrahimov təsnifat mərhələsində kanadalı rəqibi Skott Şillerə qalib gəlib. Ancaq növbəti mərhələdə yapon güləşçi Kazuya Koyanaqi keçilməz olub.
Gənclərin son dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov (74 kq) böyüklərin mundialında ilk görüşünü rahat qələbə ilə başa vurub. Təmsilçimiz çətinlik çəkmədən israilli həmkarı Hanok Raşamini üstələyib. Sonra debütant monqolustanlı güləşçi Mandaxnaran Qanzoriq üzərində əzmkar qələbəyə sevinib. Güləşçimizin son saniyələrdə icra etdiyi fənd həlledici olub. Dörddəbir final mərhələsində Azərbaycan təmsilçisinin rəqibi gürcüstanlı Avtandil Kentçadze olacaq.
Murad Süleymanov (86 kq) ilk mərhələdə ötən il Avropa çempionu olan Rusiya təmsilçisi Dauren Kuriqliyevə uduzub. Cəmaləddin Məhəmmədov (125 kq) isə debütdə Rio Olimpiadasının bürünc medalçısı İbrahim Saidovla (Belarus) bacarmayıb.