İQTİSADİYYAT
Azərbaycan haqqında təqdimat yapon iş adamları tərəfindən maraqla qarşılanıb VİDEO

















Tokio, 6 sentyabr, AZƏRTAC
Tokionun Şinaqava rayonunda yerləşən “Prince“ otelində yapon iş adamlarının “LDS Group” şirkəti tərəfindən təşkil edilən toplantıda Azərbaycan haqqında təqdimat böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri xəbər verir ki, tədbirdə “TET International Development Co.Ltd.” şirkətinin təsisçisi və prezidenti, tanınmış yapon iş adamı Taro Savada ölkəmiz haqqında xüsusi təqdimatla çıxış edib.
Azərbaycana ilk səfərinin 2017-ci ilin oktyabrında, Bakıda təşkil edilən “Yaponiya qida məhsulları sərgisi” zamanı baş tutduğunu qeyd edən T.Savada ölkəmizin onu qədim tarixi, zəngin mədəniyyəti, sürətli inkişafı və qonaqpərvər insanları ilə cəlb etdiyini deyib. Azərbaycanın coğrafi mövqeyi, Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr, xarici investisiyaların ölkəyə cəlbi ilə əlaqədar yaradılan əlverişli şərait barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır. Ardıcıl və məqsədyönlü siyasət beynəlxalq aləmdə bu dövlətin nüfuzunun möhkəmlənməsinə, etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Azərbaycanın inkişafında, burada həyata keçirilən mühüm beynəlxalq tədbirlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük əməyi olduğu xüsusi qeyd edilib.
Yapon investorların iştirakı ilə yaradılan “TET International Development Co.Ltd.” şirkəti haqqında məlumat verən T.Savada bildirib ki, Azərbaycanın böyük potensiala malik olduğu nəzərə alınaraq, şirkətin qarşısında duran vəzifələrə kənd təsərrüfatına investisiyaların yönəldilməsi, ticarət biznesi, ağac kömürü istehsalı məqsədilə zavodların yaradılması, Azərbaycan və Yaponiya arasında insan resursları sahəsində mübadilə, mədəni əməkdaşlığın inkişaf etdirilməsi kimi istiqamətlər daxil edilib. Eyni zamanda, Azərbaycanda yapon, Yaponiyada isə Azərbaycan restoranlarının yaradılması da bu plana əlavə olunub.
İlk olaraq 2019-cu ildən başlayaraq kənd təsərrüfatı, xüsusən tütünçülük sahəsinə diqqət yönəltdiklərini vurğulayan yapon iş adamı bu sahəyə ümumilikdə təqribən 10 milyon dollar investisiya qoyduqlarını, Şəki, Zaqatala, Tovuz və Oğuz rayonlarında müəssisələr açdıqlarını deyib. Bildirib ki, həmin müəssislərdə 210 ədəd yarpaq qurudan maşın quraşdırılıb, ümumilikdə 1800-ə yaxın yerli sakin işlə təmin edilib. Ümumilikdə 1100 hektar sahədən 18 ton yaş tütün yarpağı yığılıb. Qurudulan məhsul isə Rusiya, Belarus və Şərqi Avropa bazarlarına ixrac edilib.
Şirkətin, həmçinin xüsusi tamı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsullarının Yaponiyaya ixracına başladığını qeyd edən T.Savada bal, qara çay, müxtəlif cemlər, mürəbbələr, şərablar, tütün məhsullarının satışı məqsədilə xüsusi onlayn şəbəkənin yaradıldığını bildirib. Qeyd edib ki, “azer-table.jp” adlı sayt vasitəsilə yapon alıcılara “Made in Azerbaijan” brendli məhsulların müxtəlif çeşidləri təqdim olunur.
Şirkətin gələcək planları barədə məlumat verən yapon iş adamı bildirib ki, ötən ilin payızında qəhrəman Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etməsi, həmin ərazilərdə başlanan yenidənqurma və bərpa işləri digər dost ölkələr kimi, Yaponiyanın da diqqətindədir. T.Savada Yaponiya şirkətlərinin, o cümlədən “TET International Development Co.Ltd.” şirkətinin də böyük məmnuniyyətlə həmin ərazilərə investisiya yatırmağa, burada aparılacaq quruculuq işlərinə qoşulmağa hazır olduğunu bildirib. 2024-cü ilədək şirkət tərəfindən Azərbaycana əlavə 30 milyon dollar investisiya yatırılmasının planlaşdırıldığını vurğulayan yapon iş adamı müvafiq qurumlarla aparılan danışıqların nəticəsi olaraq, şirkət üçün işğaldan azad edilmiş rayonlardan təqribən 800 hektar torpaq sahəsinin ayrılmasının nəzərdə tutulduğunu da deyib.
T.Savada şirkətin həyata keçirəcəyi layihələrin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına təkan verəcəyinə əmin olduğunu bildirib. Bu müqəddəs işdə yaponların da əməyinin olmasından qürur duyduğunu söyləyib. Şirkətin layihələri sırasında Azərbaycan mədəniyyətinin Yaponiyada tanıdılması istiqamətində gələcək planları barədə də məlumat verilib.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun yapon investorların Azərbaycana dəvət olunması barədə videomüraciəti səsləndirilib.
Tədbir çərçivəsində şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr barədə nümayiş etdirilən slaydlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio