İQTİSADİYYAT
Azərbaycan idxalçıları Özbəkistanın tekstil şirkətləri ilə müzakirələr aparıb
Bakı, 8 sentyabr, AZƏRTAC
“Made in Uzbekistan Textile” onlayn biznes forumu öz işini yekunlaşdırıb.
“Caspian Event Organisers” (“CEO”) şirkətindən AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi Azərbaycan və Özbəkistan arasında tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün fürsət yaratmaqdır. Forumda Özbəkistanın 29 tekstil şirkəti və Azərbaycanın 20 idxalçısı iştirak edib. “Made in Uzbekistan Textile” çərçivəsində pandemiya şəraitində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar yaradan 75 B2B görüş keçirilib. Hər iki tərəfdən forum iştirakçıları bu cür tədbirin təşkil edilməsindən məmnun olduqlarını bildiriblər.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib: “Made in Uzbekistan Textile” onlayn biznes forumu ölkələrimiz arasında tekstil sənayesində işgüzar əlaqələrin inkişafı üçün effektiv platforma qismində çıxış edib. Həm Özbəkistan ixracatçılarından, həm də Azərbaycan alıcılarından bu tədbirə böyük maraq müşahidə etdik. Forumun müsbət nəticələri gələcəkdə Bakıda oflayn formatda tekstil sərgisinin keçirilməsinin mümkünlüyünü nəzərdən keçirməyə əsas verir”.
Forum öz işinə plenar açılış iclasından sonra başlayıb. “Made in Uzbekistan Textile” onlayn B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə “Uztekstilprom” tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış ediblər. Tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) dəstək göstəriblər. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” şirkəti təmin edib.