İQTİSADİYYAT
Azərbaycan ilə Beynəlxalq Günəş Enerjisi Alyansı arasında əməkdaşlıq üçün böyük potensial var
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycanda bərpa olunan enerji sahələrinin inkişafına, xüsusilə günəş enerjisinin istifadəsinin artırılmasına diqqət yetirilir. Bu istiqamətdə Azərbaycan ilə Beynəlxalq Günəş Enerjisi Alyansı (İSA) arasında əməkdaşlıq üçün böyük potensial var.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyevin Beynəlxalq Günəş Enerjisi Alyansının baş direktoru Upendra Tripathi ilə görüşündə səslənib.
U.Tripathi təşkilatın məqsəd və vəzifələri haqqında məlumat verərək deyib ki, bu günədək 34 ölkə Alyansın çərçivə sənədini imzalayaraq, tam hüquqlu üzvü olublar.
Baş direktor İSA-nın həyata keçirdiyi layihələrin əsasən üzv dövlətlərin kənd və ucqar rayonlarında yerləşən təsərrüfat məhsullarının istehsalı, emalı və saxlanılması ilə məşğul olan ailə təsərrüfatlarına yönəldildiyini bildirib. Hazırda Dünya Bankı, Yaşıl İqlim Fondu və digər beynəlxalq təşkilatlar İSA-ya üzv dövlətlərdə təşkilatın proqramlarının həyata keçirilməsi üçün tələb olunan vəsaitin cəlb olunmasında iştirak edir.
Səfir Ə.Şıxəliyev Azərbaycanın güclü və sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirib, ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli enerji layihələrindən danışıb. O, İSA-nın rəhbərini Azərbaycana səfərə dəvət edib.
U.Tripathi rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb.