SİYASƏT
Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, mədəni əlaqələr müzakirə olunub
Sentyabrın 9-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov və Həştərxan şəhərinin meri vəzifəsini icra edən İrina Yeqorova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Konstantin Markelovla görüşdə Azərbaycan ilə Rusiya arasında tarixi köklərə əsaslanan dostluq münasibətlərindən danışılıb, Həştərxan vilayəti və Azərbaycanın sosial-iqtisadi və mədəni əlaqələrinin daha da gücləndirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan dövləti tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan K.Markelov qeyd edib ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük işlər görülüb.
İrina Yeqorova ilə keçirilən görüşdə isə Həştərxan və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fond regionda sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda ulu öndər Heydər Əliyevə abidə ucaldılıb, Ümummilli Liderin adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. Bundan başqa, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb və “Meçta” uşaq-əyləncə şəhərciyi salınıb.
Görüşdə, həmçinin Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində tikilən yeni uşaq bağçasında son tamamlama işləri haqqında danışılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir memarlıq üslubunda inşa edilən uşaq bağçasının cari il sentyabrın sonunda açılışı planlaşdırılır.