ELM VƏ TƏHSİL
Azərbaycan ilə İsveçrə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Təhsil Nazirliyində olub.
AZƏRTAC xəbər verir ki, görüşdə təhsil naziri Ceyhun Bayramov və İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio iki ölkə arasında ali və peşə təhsili sahəsində əlaqələrin cari vəziyyəti, həyata keçirilən islahatlar və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda təhsil naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio arasında təhsil sahəsində əməkdaşlığa dair birgə bəyanat imzalanıb.
Qeyd edək ki, Mauro Dell’Ambrogio Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb. Sonra İsveçrənin dövlət katibi Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Xatırladaq ki, Mauro Dell’Ambrogio Azərbaycana səfəri çərçivəsində ADA Universitetini ziyarət edib və rektor Hafiz Paşayev ilə görüşüb. O, həmçinin Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə tanış olub və bu universitetin tələbələri üçün “İsveçrə: təhsildən innovasiyaya” mövzusunda məruzə ilə çıxış edib.