İQTİSADİYYAT
Azərbaycan ilə Qazaxıstanın elm və texnologiyalar parkları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Nur-Sultan, 11 fevral, AZƏRTAC
Azərbaycan ilə Qazaxıstanın elm və texnologiyalar parkları arasında əməkdaşlıq məsələləri, innovasiya, yüksək texnologiyalar və rəqəmsal transformasiya sahəsində fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “Astana Hub” texnologiya parkında texnoparkın fəaliyyəti ilə tanış olub.
Texnoparkın icraçı direktoru Maqjan Madiyevin, “Smart City Azerbaijan” şirkətinin icraçı direktoru Kuanış Kalıjanovun, şirkətin inkişaf və ixrac üzrə idarəedici direktoru Abay Absametin və digərlərinin iştirak etdiyi görüşdə Ağalar Atamoğlanov yeni yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətindən, ölkəmizdəki texnoparklardan, Türkiyə ilə Azərbaycan arasında yaradılması planlaşdırılan müştərək texnopark, “yaşıl enerji” siyasəti və azad olunmuş ərazilərdə yeni texnologiyaların tətbiqindən bəhs edib.
Xatırladaq ki, 2019-cu il oktyabr ayında Qazaxıstanın “Astana Hub” və ölkəmizin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə investisiya fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan