İQTİSADİYYAT
Azərbaycan ilə Səudiyyə Ərəbistanının iqtisadiyyat və gömrük sahələrində əlaqələrinin inkişafı müzakirə edilib VİDEO
İstanbul, 28 noyabr, AZƏRTAC
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının nümayəndə heyəti arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda gömrük sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verib. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycanın məqsədi Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini asanlaşdırmaq və bu sahədə bütün imkanları genişləndirməkdir. Azərbaycan məhsullarını təqdim etmək üçün 30 nəfərlik heyətin Səudiyyə Ərəbistanına səfər edəcəyini bildirən S.Mehdiyev krallığın ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabini, eləcə də bu ölkədən olan həmkarını Azərbaycana səfərə dəvət edib.
Azərbaycanı ziyarət etmək niyyətində olduğunu deyən Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabi isə qeyd edib ki, iki dost ölkə arasında ticarət əlaqələri sürətlə genişlənməkdədir. Bu isə digər sahələrdə olduğu kimi gömrük məsələlərində də münasibətlərin müsbət məcrasından xəbər verir. Səudiyyəli nazir Azərbaycana sərmayə yatırmaq niyyətində olduqlarını da bildirib.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul