İQTİSADİYYAT
Azərbaycan ilə Surinam arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Surinam Respublikasının maliyyə naziri Jilmor Hoefdrad ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə məqsəd kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Nazir müavini Seyfəddin Talıbov aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı barədə geniş məlumat verib.
Surinam Respublikasının maliyyə naziri Jilmor Hoefdrad Azərbaycana prezidentin tapşırığı ilə səfər etdiyini bildirərək, ölkəsi barədə ətraflı söz açıb. Qonaq Surinamın geniş məhsuldar torpaqlara malik olduğunu, çəltikçiliyin, o cümlədən meyvəçilik və balıqçılığın da inkişaf etdiyini bildirib. O, ölkəsinin Azərbaycanla aqrar sahədə əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir müavini Seyfəddin Talıbov bildirib ki, hazırda Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, layihələr həyata keçirilir. Nazir müavini ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib.
“Azərbaycan hazırda ixracyönümlü sahələrə böyük diqqət ayırır. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları əsasən Rusiya və MDB məkanına ixrac olunur, lakin hazırda ixracın şaxələndirilməsi həyata keçirilir. Ona görə də biz Avropa ölkələri ilə yanaşı, körfəz ölkələrinə də kənd təsərrüfatı məhsulları ixrac etmək istəyirik”, - deyə nazir müavini vurğulayıb.
Seyfəddin Talıbov, həmçinin ölkəmizdə fermer və sahibkarlara gübrələrin 70 faiz, kənd təsərrüfatı texnikalarının 40 faiz, xaricdən gətirilmiş cins heyvanların 50 faiz güzəştlə verildiyini qonaqların diqqətinə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.