CƏMİYYƏT
Azərbaycan ilə TÜRKPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Nur-Sultan, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş TÜRKPA rəhbərinin Qazaxıstana səfəri çərçivəsində ölkəmizin Nur-Sultandakı səfirliyində baş tutub.
Görüşdə TÜRKPA-nın Baş katibi təşkilatın fəaliyyəti, parlamentlərarası əməkdaşlıq, bəzi üzv ölkələrdə seçkilərə hazırlıq və qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Səfir Rəşad Məmmədov Qazaxıstan Parlamenti Senatına keçirilən seçkilərdə üzv dövlətlərin adından buradakı diplomatik nümayəndəliklərin təmsilçilərindən ibarət Türk Şurası müşahidə missiyasına Azərbaycanın rəhbərliyi barədə məlumat verib.
Diplomat Azərbaycan səfirliyinin Qazaxıstan Respublikası Parlament Məclisi və Senatı ilə sıx əlaqələr qurduğunu, Beynəlxalq Türk Akademiyası ilə hərtərəfli və səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan