İDMAN
Azərbaycan kunq-fu millisinin üzvü “İron Legion” Döyüş Liqasında kəmərə sahib olub
Bakı, 11 iyun, AZƏRTAC
Kunq-fu üzrə Azərbaycan milli komandasının üzvü Erkin Osmanov Astraxanda keçirilən “İron Legion” Döyüş Liqasında kəmərə sahib olub.
Azərbaycan Kunq-fu Federasiyasının (AKF) vitse-prezidenti Tural Alışanlı AZƏRTAC-a bildirib ki, idmançımız MMA yarışlarında 77 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İnamla çıxış edən təmsilçimiz Rusiya idmançısı Valeri Qarayevi ikinci raundda məğlub edib. İdmançımız sentyabrda keçiriləcək növbəti yarışda kəmərini qorumağa çalışacaq.
T.Alışanlı bildirib ki, E.Osmanov perspektivli idmançıdır. On dəfə respublika çempionu olan idmançı beynəlxalq arenada da öz sözünü deməyi bacarıb. Kunq-fu üzrə sonuncu ölkə çempionatında da Erkin əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qarşıda onu daha ciddi sınaqlar gözləyir. Ümid edirəm ki, gələcəkdə də qazandığı qələbələrlə xalqımızı sevindirəcək.
“Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançımızın qarşılanma mərasimi təşkil olunub. Daha sonra AKF-nin prezidenti Nurlan Aslanov idmançı ilə görüşüb. Qazandığı kəməri yüksək qiymətləndirən federasiya prezidenti E.Osmanova gələcək yarışlarda uğurlar arzulayıb”, - deyə T.Alışanlı əlavə edib.