SİYASƏT


Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində mühüm vəzifəni reallaşdırır

 Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində mühüm vəzifəni reallaşdırır

Roma, 3 noyabr, AZƏRTAC

Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində mühüm vəzifəni reallaşdırır.

Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, İtaliyanın AGİ agentliyinin baş icraçı direktoru Gianni di Ciovanni AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Forum haqqında təəssüratlarını bölüşən Gianni di Ciovanni deyib: “Məzmununa və mahiyyətinə görə mühüm tədbir sayılan Bakı Forumu haqqında məndə xeyli müsbət fikir formalaşdı. Bu tədbir dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxsləri bir araya gətirməklə məqsədinə nail oldu, gözləntiləri yüksək səviyyədə doğrultdu. Azərbaycandan məhz belə yüksək səviyyəli bir tədbirin təşkilini gözləyirdim. Son dövrlər ölkənizin humanitar və mədəni əməkdaşlığın genişləndirilməsində rolunun artmasını nəzərə alsaq, bu uğur heç də təsadüfi deyil. Bakının ev sahibliyi edəcəyi növbəti mötəbər tədbirlərdən - 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresindən və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasından da mühüm nəticələr gözləyirəm”.

AGİ-nin baş icraçı direktoru əlavə edib ki, bu gün dünyada hökm sürən münaqişələr müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələri arasında qarşılıqlı anlaşmanın olmaması ilə bağlıdır. Bunu təmin etməkdə media qurumlarının da üzərinə böyük məsuliyyət düşür. Lakin müvafiq istiqamətdə son addımı birgə qərarlar və qətnamələr qəbul etməklə dövlətlər atmalıdır. O deyib: “Azərbaycanın müxtəlif baxış istiqamətlərinin ümumiləşdiyi, vahid yanaşmanın formalaşdığı bir məkan rolunu oynaması yüksək qiymətləndirilməlidir. Bir sözlə, Azərbaycan həm coğrafi, həm də mədəni baxımdan birləşmə nöqtəsi hesab oluna bilər. Bu amil mövcud böhranları tənzimləmək üçün Azərbaycana nəhəng diplomatik səlahiyyət bəxş edir”.

AZƏRTAC ilə AGİ arasındakı əlaqələrdən danışan Gianni di Ciovanni birgə görülən işlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, institusional və humanitar sahələrdə Azərbaycan-İtaliya əməkdaşlığına töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, agentliklərimiz arasında müntəzəm görüşlərin keçirilməsi tərəfdaşlığımıza müsbət təsir edir. Bu əlaqələrin dərinləşməsi hər iki media qurumunun daha da məhsuldar və səmərəli fəaliyyətinə imkan yaradacaq. Çünki hər dəfə yeni görüşlər keçirildikcə biz öz tərəfdaşlarımızın fəaliyyəti, iş planı, tətbiq etdiyi yeniliklərlə daha yaxından tanış olmaq şansı qazanırıq və bu yolla təcrübə mübadiləsinin reallaşmasından məmnun oluruq.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.