ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri düşmən hədəfində
Bakı, 13 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olanlar arasında məktəblilər də var.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Naftalan şəhərinin atəşə tutulması nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 7-ci və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə həmin məktəbin 9-cu sinif şagirdidir. Ağcabədi rayonunun R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İsgəndərov da düşmən təxribatının qurbanı olub.
Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində yaralananlardan da 15 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar. Gəncə şəhəri 11 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Banu İbrahimova, 4-cü sinif şagirdi Fərid İbrahimov, 9-cü sinif şagirdi İlyas Həsənbəyli də raket atəşi nəticəsində yaralanıblar. Gəncə şəhəri 9 nömrəli tam orta məktəbin şagirdləri – 5-ci sinifdə oxuyan Turqay Əliyev və 10-cu sinif şagirdi Məleykə Abdullayeva da düşmənin atdığı raket zərbəsindən yara alıblar.