İDMAN
Azərbaycan millisi kişi cüdoçular arasında komanda yarışında qalib gələrək qızıl medala sahib olub YENİLƏNİB VİDEO
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də “Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışının finalında Əlcəzair yığmasına qalib gələn Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasına Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva baxıblar.
Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Kişi cüdoçular arasında komanda yarışında Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (90 kiloqramdan yuxarı) yer alıblar.
Yarışda bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.
Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qalib komandaların üzvlərinə medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion cüdoçularımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.