İDMAN
Azərbaycan millisinin Farer adaları və Malta yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasında Farer adaları və Malta yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23 futbolçuya dəvət göndərib.
Heyətdə qapıçılardan Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) daxil edilib. Müdafiəçilərdən Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Urfan Abbasov (“Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) heyətdə yer alıblar. Baş məşqçi yarımmüdafiəçilərdən Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Namiq Ələsgərov (“Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan) Dmitri Nazarova (“Aue”, Almaniya) şans verib. Hücumçulardan isə Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov” Rusiya), Rüfət Dadaşov (“Proysen, Almaniya) və Ruslan Qurbanov (“Səbail”) heyətə daxil ediliblər.
Azərbaycan millisi oktyabrın 11-də səfərdə Farer Adaları yığması ilə, oktyabrın 14-də isə Bakı Olimpiya Stadionunda Malta seçməsi ilə qarşılaşacaq.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.