ELM VƏ TƏHSİL
Azərbaycan muğam sənətinə qiymətli töhfə
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Bir kitabın izi ilə” mövzusunda tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, qocaman rəssam Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” kitabının təqdimatı olub.
MEK-in direktoru Leyla İmanova tədbirin müxtəlif sahələri özündə birləşdirdiyini, “Azərbaycan muğamı miniatürlərdə” kitabının muğamlarımızın təbliğində böyük rol oynadığını söyləyib.
Kitabxananın beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü milli musiqimizin dünyaya tanıdılmasında nəşrin əhəmiyyətli rolunu qeyd edib.
Kitabın və nəşrdəki miniatürlərin müəllifi, tanınmış rəssam Fəxrəddin Əli kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib. Bildirilib ki, kitabın mahiyyəti muğamın dərinliklərinə enərək onu hiss etməklə göz önündə canlandırmaqdır. Beləliklə muğamlarımız oxucuya canlandırılmış formada miniatürlər vasitəsilə çatdırılır.
Türkiyənin Qars Universitetinin professoru, kitabın məsul redaktoru Rafiq İmrani bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına, qədim muğam sənətimizin tədqiqinə həsr olunan kitab bu sahədə dəyərli mənbədir.
Digər çıxış edənlər ölkəmizdə muğama göstərilən qayğını və xalqımızın mənəvi irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Bildirilib ki, kitabxananın fondlarındakı bütün nəşrlər, həmçinin “Azərbaycan muğamı miniatürlərdə” kitabı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
Sonda tələbələrin ifasında muğamlarımızdan parçalar səsləndirilib.