MƏDƏNİYYƏT
Azərbaycan musiqiçiləri Seul səhnəsində VİDEO
Seul, 12 may, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solistləri - pianoçu Səidə Tağızadə və violonçel ustası Aleksey Miltyix Koreya Respublikasının paytaxtı Seulda konsert proqramı ilə çıxış ediblər.
Azərbaycanın bu ölkədəki səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı ilə Seul şəhərinin möhtəşəm incəsənət mərkəzlərindən olan “Seoul Arts Center”də baş tutan konsertdə musiqiçilərimiz səhnəni Koreyanın tanınmış skripka ustası Kim Bomsori ilə bölüşüblər.
Konsertdə dünya və Azərbaycan klassik musiqisinin nümunələri təqdim edilib. Azərbaycan Dövlət Filarmoniyasının solistləri ilə koreyalı skripka ustasının ifasında Frederik Şopen, Aleksandr Çaykovski, Frans Vaksman və Astor Piazolla ilə yanaşı, dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Zülfüqarov, Nazim Əliverdibəyov və Musa Mirzəyevin əsərləri tədbir iştirakçılarında böyük təəssürat yaradıb.
Konserti izləyənlər arasında Koreya Fondunun prezidenti Hyun-sok Yu, Türkiyə, Rusiya, Bolqarıstan, Rumıniya, Belarus, Gürcüstan, Pakistan, Monqolustan, Tunis, Seneqal və s. ölkələrin Seuldakı diplomatik nümayəndəliklərinin rəhbərləri, habelə Koreya parlamentinin Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Hvanq Yunq-çol, Milli Assambleyanın əməkdaşları, ictimai-siyasi xadimlər olub.
Konsert ilə bağlı Koreyanın nüfuzlu “The Korea Times” və “Korea Herald” qəzetlərində məqalələr dərc olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul