CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarımızın təmsilçiləri ilə görüşüb
Haaqa, 27 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirdiyi tədbirlərdə iştirak etmək üçün Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərindədir. Bu müddətdə çoxlu sayda tədbirlər həyata keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Niderlandın ikinci böyük şəhəri olan Haaqada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb. Onlar Azərbaycan-Türk Kültür Dərnəyinin ofisində olub, qurumun başqanı İlhan Aşkına dəstək nümayiş etdiriblər. Xatırladaq ki, iki il əvvəl Hollandiyanın Almelo şəhərində ermənilər tərəfindən qondarma genosid xatirə-abidəsinin açılışına etiraz olaraq keçirdiyi mitinqdə İlhan Aşkının “Qarabağ ermənilərə məzar olacaq!” şüarını səsləndirməsi erməniləri möhkəm qəzəbləndirib və iş məhkəməyə qədər gedib çıxıb. Hazırda İlhan Aşkının məhkəmə prosesi davam edir.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin, Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın, “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın, Avropalı Azərbaycanlılar Təşkilatının sədri Emil Əliyevin və digər fəalların da iştirak etdikləri görüşdə bütün iştirakçılar İlhan Aşkına dəstək olduqlarını, onu bu mübarizədə yalnız qoymayacaqlarını bildiriblər.
Sonra nümayəndə heyəti “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisinə gedib və birliyin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu “Azərbaycan məktəbi”nin fəaliyyəti ilə tanış olublar. Məktəbin şagirdlərinin Azərbaycan haqqında bilikləri, Azərbaycan Respublikasının dövlət himnini ifa etmələri, Xocalı və Azərbaycan haqqında söylədikləri şeirlər nümayəndə heyətində xoş təəssüratlar yaradıb. Birliyin sədri M.Ağamirzəyeva təşkilatın yaranma tarixi, fəaliyyəti, eləcə də Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar hazırladıqları tədbir haqqında geniş məlumat verib.
Hollandiyada fəaliyyət göstərən təşkilatların işləri ilə tanışlıq zamanı Əflatun Amaşov bildirib ki, qərib ölkələrdə fəaliyyət göstərən hər bir təşkilatın və ya fərdi şəxsin gördüyü işləri Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.
Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev diaspor fəaliyyətinin vacibliyini vurğulayaraq, Azərbaycan diasporunun gənc olmasına baxmayaraq, artıq böyük təcrübə qazandığını və dünyanın bütün ölkələrində tanındığını bildirib. Qeyd edib ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Bu mübarizədə təkcə siyasi vasitələrdən istifadə etmək kifayət deyil, mədəniyyətimizin, mətbəximizin, adət-ənənələrimizin də təbliğinə geniş yer verilməlidir.
ATXƏM-in sədri İ.İsmayılov diaspor fəaliyyətində ən çox yeni nəslin milli ruhda yetişdirilməsinə önəm verilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin Azərbaycan məktəbi yaratması təqdirəlayiq layihədir.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi İlqar İlkin daxildir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa