Azərbaycan nümayəndə heyəti Senatda və Milli Assambleyada görüşlər keçirmişdir
AzerTAg.az
Paris, 26 oktyabr (AZƏRTAC). Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Fransadakı səfəri çərçivəsində oktyabrın 25-də Senatda və Milli Assambleyada görüşlər keçirmişdir.
Senatorlardan Natali Qule və Mişel Andre ilə görüş zamanı Fransa ilə Azərbaycan hərtərəfli əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Senatın Fransa-Azərbaycan dostluq qrupunun yeni üzvlərinin seçilməsi və onların ölkəmizə səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanmış, Azərbaycan iqtisadiyyatının güclü inkişafından bəhs olunmuşdur.
Milli Assambleyada Fransa-Azərbaycan Dostluq qrupunun sədri Jan-Lui Dümon, deputat Fransuaz Hostalye və Belçika Senatının fəxri sədri An-Mari Lizinlə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda gedən proseslərdən danışmış, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində güclü və qüdrətli bir dövlətə çevrilməsini, Cənubi Qafqaz regionunda aparıcı dövlət olduğunu diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri ölkəmizin ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlı qaçqının qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişənin sülh yolu ilə həlli məqsədilə Azərbaycanın atdığı addımlara Ermənistan tərəfinin əks reaksiya verildiyini, danışıqlardan boyun qaçırdığını diqqətə çəkmiş, Azərbaycanın Avropanın inkişaf etmiş qüdrətli dövləti olan Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etmişdir.
Görüşdə Azərbaycanın Fransa üçün strateji əhəmiyyət kəsb edən ölkə olduğu xüsusi vurğulanmış, iqtisadi sahədə əməkdşalığa dair fikir mübadiləsi aparılmış, Azərbaycanda qeyri-neft sektorunun inkişafının zəruriliyi qeyd edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xəbərin mətnində orfoqrafik səhv var