CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” seminarda iştirak edib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 10-dan 12-dək Tiflisdə “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokolun qüvvəyə minməsinə dəstək məsələləri üzrə çoxsektorlu seminar keçirilib. Dünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının Katibliyi və DST-nin Avropa Regional Bürosunun dəstəyi ilə keçirilən seminar gənc müstəqil dövlətlər üçün nəzərdə tutulub.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda ölkəmizi mərkəzin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, Xarici İşlər Nazirliyinin əməkdaşı Arif Məmmədov və Dövlət Gömrük Komitəsinin nümayəndəsi Güloğlan Muradlı təmsil ediblər.
Üç gün davam edən seminarda “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” protokolun ümumi müddəaları, öhdəlikləri, protokol əsasında nəzarət qaydaları, sanksiyalar, beynəlxalq əməkdaşlıq barədə müzakirələr aparılıb. Seminar çərçivəsində, həmçinin Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun ekspertləri ilə görüşlər təşkil edilib.