SİYASƏT
Azərbaycan nümayəndə heyəti növbəti dəfə Beynəlxalq Angin Festivalında iştirak edib VİDEO
İto, 12 avqust, AZƏRTAC
Yaponiyanın Şizuoka prefekturasının İto şəhərində təşkil edilən Beynəlxalq Angin Festivalının əsas mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Beynəlxalq Angin Festivalı Yaponiyanın Avropa və Amerika ölkələri ilə dənizçilik əlaqələrinin qurulmasında mühüm rol oynamış ingilis dənizçisi və səyyahı Vilyam Adamsın şərəfinə artıq 73 ildir ki, təşkil edilir. Yaponlar bu Gündoğar ölkədə Miura Angin adı ilə tanınan V.Adamsın Avropa nümunəsi əsasında inşa etdiyi gəmilərlə ilk dəfə Avropa və Meksika sahillərinə səyahət ediblər.
AZƏRTAC xəbər verir ki, İtoda bu bayrama həm də “Qardaşlaşmış şəhərlər festivalı” adı verilib. Belə ki, həmin gün İto şəhərinin həm xaricdə, həm də Yaponiyada qardaşlaşdığı şəhərlərin nümayəndələri bu şəhərə toplaşırlar.
Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında imzalanmış qardaşlaşma müqaviləsinə əsasən, bu il Azərbaycan nümayəndə heyəti də növbəti dəfə festivala qatılıb. Ölkəmizi Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbovun rəhbərliyi ilə İsmayıllı rayonundan gəlmiş bir müəllim və iki məktəbli təmsil edib.
Festivalın açılışında çıxış edən İto şəhərinin meri Tatsuya Ono və digər rəsmi şəxslər iştirakçıları salamlayıblar. Vurğulanıb ki, Beynəlxalq Angin Festivalı Yaponiya ilə dostluq əlaqələrinə malik olan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlığın, səmimi münasibətlərin daha da möhkəmlənməsində, onların həm yapon xalqının, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənməsində mühüm rol oynayır.
Mərasimdə iştirak edən qonaqlar, o cümlədən Fərid Talıbov təmsil etdikləri ölkələrin adından V.Adamsın səhnədə qoyulmuş portreti önünə gül çələngi düzüblər.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Arzu Məmmədova Yaponiyaya səfərin təəssüratlarını AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri ilə bölüşüb.
A.Məmmədova bildirib ki, İto və İsmayıllı arasında artıq ənənə halı almış qarşılıqlı səfərlər həm biri-birinin mədəniyyətini öyrənməsi, həm də dostluq əlaqələrinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Budəfəki səfər zamanı da təşkil edilmiş zəngin proqram çərçivəsində azərbaycanlı qonaqlar Tokio və İto ilə yanaşı, Kioto, Nara və Osako şəhərlərinin görməli yerləri ilə tanış olublar.
Səfər zamanı çoxsaylı yapon dostlar qazandıqlarını vurğulayan məktəblilərimiz bunun həm də yapon dilini öyrənmək baxımından əhəmiyyətli olacağını qeyd ediblər. Bildiriblər ki, Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı gələcəkdə bu ölkədə təhsil almaq istəyən gənclərimiz üçün böyük imkanlar yaradır.
Bayram proqramı üzrə davam edən festival atəşfəşanlıqla başa çatıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
İto