ELM VƏ TƏHSİL


Azərbaycan nümayəndəsi əqli mülkiyyət sahəsində beynəlxalq tədbirdə iştirak edib

Bakı, 1 noyabr, AZƏRTAC

Cənubi Afrika Respublikasının Sandton şəhərində dünya Əqli Mülkiyyət Təşkilatı, Dünya Ticarət Təşkilatı, Dünya Gömrük Təşkilatı, Beynəlxalq Cinayət Polisi İdarəsi və Cənubi Afrika Şirkətlər və Əqli Mülkiyyət Komissiyasının birgə təşkilatçılığı ilə “Əqli mülkiyyətə hörmətin aşılanması - Afrikanın cənubundan təşəbbüs” mövzusunda beynəlxalq konfrans keçirilib.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə hörmətin aşılanması ilə əlaqədar dövlət və özəl sektor arasında dialoq yaradılması olub. Yetmişədək ölkənin hökumət, parlament və biznes dairələrinin 400-ә yaxın nümayəndələri konfransa qatılıb. Beynəlxalq tədbirdə əqli mülkiyyət hüquqlarının təminatı üzrə siyasət və strategiyaların formalaşdırılması, saxtamalçılıq və piratçılığa qarşı mübarizədə son irəliləyişlər barədə müzakirələr edilib, həmçinin gömrük orqanlarının, polis, prokurorluq, məhkəmə və digər hüquq-mühafizə orqanlarının, hüquq sahiblərinin, hökumətlərarası təşkilatların və tədqiqatçıların təcrübə mübadiləsi bölüşülüb.

Konfransda Əqli Mülkiyyət Agentliyinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli də iştirak edib. Tədbirin əsas hissəsinin birinci günündə “İqtisadi artım, kiçik sahibkarlıq investisiya yeni iş yerlərinin yaradılmasında əqli mülkiyyətin dəyəri”, “Əqli mülkiyyət hüquqlarının təminatında dövlət maraqları”, “Əqli mülkiyyət təhlükəsiz dünyanın prioriteti kimi” və “Əməkdaşlıq vasitəsilə əqli mülkiyyətə hörmətin aşılanması” mövzularında, ikinci gün isə “Sərhədsiz dünyada ticarət: əqli mülkiyyət hüquqlarının inkişafa töhfəsi”, “Regional alyanslar: inkişafın agentləri və effektiv əqli mülkiyyət sistemlərinin çempionları”, “Trans-sərhəd əqli mülkiyyət mübahisələrində territoriallığın tətbiqi” və “Multiterritoriallıq potensialından istifadə: beynəlxalq aktorlar vasitəsilə potensialların artırılması” mövzularında panellər təşkil olunub.

Tədbir çərçivəsində müzakirələr zamanı agentliyin əməkdaşı tərəfindən ölkəmizdə əqli mülkiyyət sahəsində son institusional islahatlar, o cümlədən əqli mülkiyyətə hörmətin aşılanması, piratçılıq və saxtamalçılığa qarşı mübarizə, ictimai maarifləndirmə və s. istiqamətdə həyata keçirilən tədbirlər haqqında konfrans iştirakçılarına məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.