MƏDƏNİYYƏT
“Azərbaycan orqan sənətinin inkişaf yolu” mövzusunda elmi konfrans təşkil edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan orqan sənətinin inkişaf yolu (1910-2018)” mövzusunda elmi konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan və ölkəmizdə ilk dəfə təşkil olunacaq Orqan Musiqisi Festivalı çərçivəsində reallaşıb.
Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqanologiya elmi laboratoriyasının müdiri, professor Maya Qafarova, orqan sinfinin müdiri, professor Tahirə Yaqubova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri Sevil Fərhadova, Bəstəkarlar İttifaqının üzvü, dosent Lətifə Əliyeva və Azərbaycan Respublikasında Höte İnstitutunun Alman dili tədrisi mərkəzinin müdiri Zəhra Alıyevanın orqan musiqisinin inkişaf yoluna həsr olunan müxtəlif mövzularda məruzələri dinlənilib.
Məruzələrdə zəngin musiqi sahəsində öz yeri olan orqan musiqi məktəbi və onun qısa zaman müddətində keçdiyi inkişaf yoluna nəzər salınıb. Bildirilib ki, orqan musiqisinə böyük peşəkarlıqla yiyələnərək bu gün də bu sənəti dünya səviyyəsində tanıdan musiqiçilərimiz var.