İQTİSADİYYAT
Azərbaycan sahibkarları Tehranda əldə toxuma xalçaların sərgisinə dəvət edilir
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 22-də Tehranda əldə toxuma xalçaların 25-ci beynəlxalq sərgisi keçiriləcək. Əldə toxuma xalçalar sahəsi üzrə Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, iş adamları və sahibkarlar sözügedən sərgiyə baxış keçirmək məqsədilə Tehrana səfərə dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgi avqustun 28-dək davam edəcək. Dəvətlilərin İranda 4 ulduzlu oteldə qalması, yeməklə təmin olunması (səhər, günorta, axşam), tərcüməçi xidmətlərindən və daxili nəqliyyatdan istifadə etməsi (hava limanı və sərgi mərkəzi istiqamətlərində) ilə bağlı xərclər sərginin təşkilatçıları tərəfindən ödəniləcək.