İDMAN
Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli Hou Yifanla qarşılaşacaq
Bakı, 30 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turirinin ikinci mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə də mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında iyulun 1-də start götürəcək Qran-Prinin ikinci mərhələsində şahmatçımız dünyanın ən güclü qadın şahmatçılarından biri, turnirin reytinq favoriti çinli Hou Yifanla oynayacaq. Turnirdə 16 şahmatçı mübarizə aparacaq.
G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci mərhələsinin startında rusiyalı şahmatçı Aleksandra Kostenyuka məğlub olub. Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.