CƏMİYYƏT
Azərbaycan səfirliyi Malayziyada keçirilən xeyriyyə aksiyasında iştirak edib
Kuala-Lumpur, 20 noyabr, AZƏRTAC
Noyabrın 19-da müxtəlif dövlətlərin Malayziyada akkreditə olunmuş ali diplomatik nümayəndələrinin həyat yoldaşlarını özündə birləşdirən assosiasiya (SOHOM) tərəfindən Kuala-Lumpur şəhərində xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Malayziyadakı 44 diplomatik missiyanın qoşulduğu bu aksiyada Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib.
“JW Marriott” mehmanxanasında təşkil olunmuş tədbirdə Azərbaycan səfirliyi öz xüsusi stendi ilə təmsil olunub. Ölkəmizə dair müxtəlif suvenirlər, hədiyyəlik əl sənəti nümunələri, Azərbaycanın tarixi-mədəni özünəməxsusluğunu və turizm potensialını əks etdirən nəşrlər qonaqlara təqdim edilib. Malayziyada yaşayan azsaylı Azərbaycan icmasının fəallarından Gülçöhrə Raulun milli mətbəximizə məxsus hazırladığı şirniyyat və çeşidli təamlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycan səfirliyi tədbirdə fəal iştirakına görə SOHOM təşkilatının sertifikatına layiq görülüb.
Qeyd edək ki, xeyriyyə aksiyasında satış zamanı əldə olunan gəlirlərin 30 faizinin SOHOM fondunda cəmlənərək müxtəlif layihələrə cəlb edilməsi nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur