ELM VƏ TƏHSİL
“Azərbaycan tarixi” fənn aylığının yekunlarına həsr olunmuş tədbir keçiriləcəkdir
Bakı, 18 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2012-ci il noyabrın 26-dan dekabrın 25-dək ümumtəhsil müəssisələrində “Azərbaycan tarixi” fənn aylığı elan edilmişdir.
BŞTİ-dən AZƏRTAC-a bildirmişlər ki, fevralın 19 – da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Azərbaycan tarixi” fənn aylığının yekunlarına həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirin rəsmi hissəsində çıxışlar və müsabiqə qaliblərinin adlarının açıqlanması, onların mükafatlandırılması olacaqdır. Tədbir Bakının istedadlı yetirmələrinin hazırladıqları musiqili ədəbi – bədii kompozisiyalarla davam etdiriləcəkdir.
Qeyd edək ki, “Tariximiz – dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı “Azərbaycan tarixi” fənn aylığı 4 nominasiya ( Ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı “Açıq dərs”, şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri) üzrə həyata keçirilmişdir.
Fənn aylığı BŞTİ–nin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, VII-XI sinif şagirdləri də iştirak etmiş və üç mərhələdə keçirilmişdir.
Qeyd edək ki, hər nominasiya üzrə qaliblərə bir I dərəcəli, iki II dərəcəli və üç III dərəcəli diplom təqdim ediləcəkdir. Ayrı – ayrı nominasiyalar üzrə fəallığı ilə seçilən iştirakçılar isə həvəsləndirici diplomlarla mükafatlandırılacaqlar.