REGİONLAR
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Nəsibə Zeynalova Qubada yad olunub
Quba, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 1-də Qubada Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Quba rayon Mərkəzi Kitabxanasında təşkil olunan “Səhnəmizin qaynanası” adlı yubiley tədbirində böyük gülüş ustasının həyat və yaradıcılığından bəhs edilib.
Bildirilib ki, Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyev 2016-cı il martın 17-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ömrünün 60 ildən çoxunu bu sənətə həsr etmiş Nəsibə Zeynalovanın yubileyi mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir.
Əməkdar Artist Məcnun Hacıbəyov Nəsibə Zeynalova haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, Nəsibə xanım qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçib və yüksək fitri istedadı sayəsində Azərbaycan mədəniyyət salnaməsində silinməz iz qoyub. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir.
Görkəmli sənətkarın həyatı barədə danışan natiqlər bildiriblər ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda tanınmış tacir və eyni zamanda aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində dünyaya gəlib. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam etdirib, Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb.
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Nəsibə Zeynalovanın 100 illik yubileyi Qubanın digər mədəniyyət ocaqlarında da silsilə tədbirlərlə qeyd ediləcək.