CƏMİYYƏT
Azərbaycan təlimçilərinin birinci Forumu keçiriləcək
Bakı, 18 may, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən təlimçilərin ilk Forumu keçiriləcək. Bu məqsədlə Forumun Təşkilat Komitəsi yaradılıb, ilkin hazırlıq işlərinə başlanılıb.
Təşkilat Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, cari ilin iyun ayında keçiriləcək Forumun məqsədi Azərbaycanda müxtəlif sahələrdə təlimçilik işi ilə məşğul olan şəxslərin şəbəkələşməsini təşkil etmək, onlar arasında informasiya və təcrübə mübadiləsinin aparılmasına yardımçı olmaq, habelə təlimçilik işini inkişaf etdirmək üçün birgə strategiya hazırlamaqdır.
Komitədən bildirilib ki, bu gün mövcud təlimçilər pərakəndə fəaliyyət göstərir və onların arasında koordinasiya yoxdur. İstənilən şəxs müxtəlif auditoriyalara daxil olub, özünü təlimçi kimi təqdim edə bilir. Belə olduğu halda, təlimlərin keyfiyyəti aşağı düşür, iştirakçıların qeyri-formal təhsil proqramlarına marağı da azalır. Bu baxımdan keçiriləcək Forum əlaqələndirmə funksiyası ilə yanaşı, təlimçilərin peşəkarlaşmasına və akkreditasiyasına, elmi əsaslarla hazırlanmış metodologiyalardan istifadə edilməsinə, beynəlxalq təcrübənin tətbiq olunmasına və s. yardım edəcək. Bir sözlə, kim peşəkar təlimçi axtaracaqsa, ona kömək olunacaq.
Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən təlimçilərin məlumat bazasının hazırlanmasına və onlar arasında qiymətləndirmə sorğusunun keçirilməsinə başlanılacaq.