CƏMİYYƏT
“Azərbaycan” təşkilatının məscid tikintisi ilə bağlı iddiası təmin edilib
Moskva, 19 sentyabr, AZƏRTAC.
Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan” ictimai təşkilatının Sverdlivsk Vilayət Tikinti və Arxitekturanın İnkişafı Nazirliyinə qarşı irəli sürdüyü iddiası təmin edilib.
“Azərbaycan” təşkilatı Yekaterinburqdakı müsəlman məzarlığının yanında məscid tikdirmək təklifi ilə bir müddət əvvəl çıxış edib. Bundan sonra Sverdlvsk Tikinti Nazirliyi 1879-cu ildən mövcud olan müsəlman qəbiristanlığının mədəni irs obyekti kimi mühafizə olunan sahə elan olunması tələbini irəli sürüb. “Azərbaycan” təşkilatı məsələyə etirazını bildirərək məhkəməyə müraciət edib. Həmin məsələ ilə bağlı təşkilatın məhkəmə iddiası artıq ikinci dəfə təmin olunur.
Məscid tikintisi üçün torpaq ayrılması barədə müqavilə “Azərbaycan” təşkilatı ilə Yekaterinburq şəhər administrasiyası arasında 2011-ci ildə bağlanıb. Müqaviləyə əsasən, 2008 kvadratmetr sahədə məscid binasının inşası nəzərdə tutulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva