İQTİSADİYYAT
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
Bakı, 14 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə AİB-in Azərbaycanda maliyyə və enerji sektorlarında icra olunan layihələri barədə geniş fikir mübadiləsi aparılıb.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə, həmçinin 2019-2023-cü illər üzrə yeni hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib.
Qarşılıqlı fikir mübadiləsi zamanı AİB tərəfindən növbəti 5 il müddətinə Azərbaycanda icra olunacaq kredit layihələri və texniki yardım dəstəyinin ölkənin prioritetlərinə və Strateji Yol xəritələrinin istiqamətlərinə uyğun müəyyən edilməsi üçün fokuslanmalı sahələr və sektorlardan danışılıb. Eyni zamanda, KOS sahəsində tənzimləmənin qiymətləndirilməsi, nou-hau, innovasiya texnoloji transfer sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində əldə edilən makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf xüsusi vurğulanıb.
İİTKM-in layihələr departamentinin rəhbəri vəzifəsini icra edən Rəşad Hüseynov və strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova görüşdə iştirak ediblər.