İQTİSADİYYAT
Azərbaycan və Belarus birgə elektrik avtobuslarının istehsalını müzakirə edib
Minsk, 22 yanvar, AZƏRTAC
Belarusun “Belkommunmaş” ASC ilə Gəncə Avtomobil Zavodu arasında Azərbaycanda birgə elektrik avtobuslarının istehsalı məsələsi müzakirə olunub.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, müzakirələr Belarusun Baş nazirinin müavini Mixail Rusıy ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Minskdəki görüşündə aparılıb.
Baş nazirin müavini bildirib ki, Gəncə şəhəri bir sıra investisiya layihələrinin reallaşdırılması üçün əlverişli regiondur. O cümlədən Gəncə Avtomobil Zavodunda birgə elektrik avtobusları da istehsal edilə bilər.
M.Rusiy, həmçinin qeyd edib ki, Azərbaycan və Belarus Türkiyə bazarı üçün birgə traktorların istehsalı üzərində işləyir: “Düşünürəm ki, apreldə ilk nəticəni görəcəyik. Bu, olduqca ciddi layihədir”.
O, birgə süd məhsullarının istehsalı məsələsinə də baxılmasını vacib sayıb. Deyib ki, birgə süd məhsullarının istehsalı üçüncü ölkələrə də satışa çıxarıla bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk