REGİONLAR
Azərbaycan və Fransa universitetləri birgə interaktiv tədris metodlarının tətbiqi ilə bağlı təlimlərə başlayıb VİDEO
Quba, 30 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Fransanın Paris Sorbonna Əbu-Dabi Universiteti ilə birgə “İnteraktiv tədris metodları universitet sistemində” adlı layihə çərçivəsində təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin Qubanın İkinci Nügədi kəndində yerləşən Tədris, İdman və İstirahət Kompleksində təşkil olunub.
Təlimlərdə Paris Sorbonna Universitetinin Magistratura Proqramlarının rəhbəri, Fransa Milli Elmlər Akademiyasının üzvü, professor Florent Pratla Pratlonq, Paris Sorbonna Əbu-Dabi Universitetinin müşaviri İmran Muxtarov, tədris və innovasiyalar üzrə beynəlxalq dərəcəli mütəxəssis İlfanə Pənahova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Əli Allahverdiyev, eləcə də ADPU-nun 80-ə yaxın professor və müəllim heyəti iştirak edib.
ADPU Quba filialının direktoru Əli Allahverdiyev təlimin əhəmiyyətini vurğulayaraq, universitetlər arasında qarşılıqlı əməkdaşlığın faydalarından danışıb.
Universitetin kimya-biologiya fakültəsinin dekanı Elnarə Mehbalıyeva qeyd edib ki, dörd gün davam edəcək təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Paris Sorbonna Əbu-Dabi Universitetinin müşaviri İmran Muxtarov layihənin məqsədi barədə ətraflı məlumat verib. Bildirilib ki, layihədə müəllim əsaslı deyil, tələbə əsaslı tədrisin inkişafı öz əksini tapıb.
Professor Florent Pratla Pratlonq layihənin 160-a yaxın müasir interaktiv tədris metodlarının təcrübə mübadiləsini əhatə etdiyini vurğulayıb. Buraya iki universitet arasında təhsil sistemində interaktiv tədrisin mexanizmlərinin müzakirəsi, ikili əməkdaşlıq çərçivəsində müasir kurikulumların yaradılması, dərs sillabuslarının formalaşdırılması, tədris prosesində müasir qiymətləndirmə mexanizmləri, tədrisdə keyfiyyətin artırılması istiqamətində müasir innovasiyalar, kreativlik və s. aiddir.
Təlimlərə oktyabrın 3-də yekun vurulacaq.